İki insan kateqoriyası bir-birinə qarşı duranda hər biri digərinə öz hakimiyyətini sırımaq istəyir. Əgər hər biri bu hakimiyyətdə israr etmək iqtidarındadırsa, onların arasında bəzən düşmən, bəzən dost - həmişə gərgin qarşılıqlı münasibət yaranır; əgər hüquq və imtiyazlar onlardan birindədirsə, o, digəri üzərində üstünlük götürür və hər vəchlə onu sıxmağa çalışır. Beləliklə, kişilərdə və qadınlarda niyə bir-biri üzərinə bayraq sancmaq arzusu yarandığı aydındır, bəs hansı imtiyaz kişiyə bu arzunu gerçəkləşdirməyə imkan verdi? İlk dəfə nə vaxt və necə oldu ki, kişi qadını üstələdi? Vill Dürant həyat yoldaşı Aril Dürantla birgə yazdığı 15 cildlik "Mədəniyyət tarixi" kitabında yazır: "Ən ibtidai dövrdə qadınlar toplayıcı, kişilər ovlayıcı idilər. Qadının təbiətindəki bəzi xüsusiyyətlər dillərin olmadığı zaman kişilərə imtiyaz verdi; qadın hamilə olanda işə çıxa bilmirdi, buna görə də ona yardım lazım idi, bu vəziyyəti bildirmək üçün qadın ovlanmış heyvanın dərisini başına örtürdü. Baş örtüyü ilk dəfə buradan başlandı, baş örtüyü rəmz idi, yəni örtünmüş qadına maddi yardım lazım idi. Daha sonra dinlərin ilk çağında bu məsələ dinlərə keçdi..."

Bu yazımızda dünya fəlsəfə və ictimai fikir tarixi boyu qadın haqda təsəvvürləri izləyəcəyik. Fəlsəfə tarixini nəzərdən keçirsək, filosofların tam əksəriyyəti kişilərdir. Lakin feminist epistemologiyanın dünya fəlsəfə tarixini "kişi fəlsəfəsi tarixi" kimi inkar etməsinin səbəbi bu deyil, aşağıda izləyəcəyimiz tendensiyadır.

Kişiyə elə gəlir ki, dişi müəyyən keyfiyyətləri olmadığından dişidir. Aristotel yazır: "Qadın xarakterinə biz təbiətən qüsurdan əziyyət çəkən kimi baxmalıyıq". Onun ardınca xristian teoloqu Foma Akvinalı bəyan edir ki, qadın "baş tutmamış kişidir", "ikinci dərəcəli"dir. Qadın "kişinin artıq sümüyündən yaradıldığından", onun muxtar başlanğıcı yoxdur, o, yalnız kişiyə münasibətdə təyin oluna bilər. Kişi - Subyektdir, mütləqdir, qadın isə - Başqasıdır. E.Levinas "Zaman və Başqası" essesində kişi haqda əsas şüur, qadın haqda isə "başqası, özgəsi" kimi söz açır: "Başqası qadın başlanğıcında gerçəkləşir". Heyrətləndiricidir ki, Levinas obyekt və subyektin qarşılıqlı yerdəyişməsi qanununu yada da salmır, "qadın - sirrdir" - deyərkən o, nəzərdə tutur ki, qadın - kişi üçün sirrdir. Belə çıxır ki, obyektivliyə iddia edən bu esse əslində bir tərəfin imtiyazının təsdiqidir.

Bütün klassik fəlsəfə boyunca belə bir qüsur gözə dəyir: hər cür başqa şüura fundamental nifrət; subyekt özünü yalnız başqasıyla qarşı-qarşıya qavrayır: o özünü əhəmiyyətli, bütün qalan şeyləri isə əhəmiyyətsiz obyektlər kimi dərk edir. Ancaq məsələ bundadır ki, qarşıdakı şüur da onun önünə belə mühakiməylə çıxır. Nəticədə buna bənzər bir vəziyyət yaranır: hər hansı ölkənin yerli adamı səyahətə çıxır və qonşu ölkələrin də ona özgəsi, başqası kimi baxan yerliləri olduğunu görüb təəccüblənir. Kəndlər, klanlar, millətlər, siniflər arasında müharibələr və müxtəlif mübarizə formaları ona görə baş verir ki, Başqası özünün mütləq mərkəz olmadığını və öz nisbiliyini görür, bununla razılaşmaq istəmir. Beləcə tarix boyu istər-istəməz fərdlər və qruplar öz münasibətlərinin qarşılıqlı istiqamətliliyini etiraf etməli olublar. Bəs necə olub ki, Azərbaycan əyaləti kimi yerlərdə cinslər arasında bu qarşılıqlı istiqamətlilik bərqərar olmayıb, cinslərdən biri ikinci ilə hər hansı nisbiyyətdən imtina edərək yeganə əhəmiyyətli kimi təsdiqlənib. Qadın Başqasıdır və Başqasının özünə yad olan nəzərlə yerini dəyişmək istəməməsi üçün ona tabe olması lazımdır. Qadında bu tabelik haradandır? Əyalətdəki qadın kişinin vassalıdır. Kişi qadın-vassala maddi təminat vəd edir və onun mövcudluğu üçün məsuliyyəti öz üzərinə götürür; axı qadın iqtisadi risklə birgə metafizik riskdən də yayınır, azadlıq isə öz məqsədlərini müstəqil təyin etməyə vadar edir... Qadın onda güclü himayədar əldə edir, odur ki, özünün Subyekt kimi qəbul olunmasını istəmir, Başqası rolu ona sərf edir, bu rol onun xoşuna gəlir. Bernard Şou necə deyirdi: "İnsanlara qandal taxmaq onu açmaqdan asandır, əgər qandal hörmət gətirirsə."

Simona de Bovuar "İkinci cins" əsərində yazır: "Bütün dünyaların Tanrısına xeyir-dua olsun ki, O, məni qadın yaratmayıb" - yəhudilər səhər duasında belə deyirlər, onların qadınları isə itaətlə pıçıldayırlar: "Tanrıya xeyir-dua olsun ki, Öz iradəsilə məni yaradıb".

Sxolastika dövründə qadına İncilə toxunmaq qadağan edilmişdi. Platon qadınları heyvan və insan arasında mövcudluq sayır, tanrılara təşəkkür edəndə deyirdi: "Yaxşı ki, azad yarandım, qul yox, yaxşı ki, Kişi yarandım, qadın yox". Kişilər bu imtiyazı əbədiyyət və mütləqliliyə əsaslanan keyfiyyət saymasaydılar, ondan belə zövq almazdılar. Onlar öz dindəki birinciliklərini hüquqa keçirdilər. Heyrətedicidir ki, Roma kodeksi qadınların hüququnu məhdudlaşdırarkən "bu cinsin axmaqlığı və gücsüzlüyü"nə istinad edirdi. XVI əsrdə ərli qadını ərindən tam asılılıqda saxlamaq üçün müqəddəs Avqustinin "qadın - nə pəyəsi, nə həyəti olmayan heyvandır" cümləsinə əsaslanırdılar. Mişel de Monten qadının bəxtinə düşənin ədalətsizliyini anlayaraq yazırdı: "Qadınlar bu dünyadakı düzəndən imtina edərkən onları mühakimə etmək olmaz, axı onları kişilər qadınların iştirakı olmadan yaradıblar. Təbiidir ki, bizimlə onların arasında münaqişələr, mübahisələr olur". Yalnız 18-ci əsrdə insanlar bu məsələyə obyektiv baxmağa başladılar. Ümumiyyətlə, qadınlara münasibətlə bağlı fəlsəfə tarixində üç mərhələ var: ənənəvi dövr, modern dövr və postmodern dövr. Ənənəvi dövrdə qadınlar, uşaqlar, ruhi xəstələr niyə idrak çərçivəsindən çıxarılırdı. Çünki o zaman bir - sağlam, inkişaflı şüurdan başqa şüur formalarını tədqiq edən psixologiya, sosiologiya kimi elmlər yox idi. Ənənəvi dövr stereotiplərə əsaslanırdı, stereotiplər - Adəm-Həvva kimi qadının İblislə əlbirliyindən danışan elmsiz söhbətlərə, miflərə. Modernizmdə elm inkişaf etdi, teosentrik baxışın yerinə antroposentrik baxış gəldi, insan elmi şəkildə öyrənildi, məlum oldu ki, qadınlar və kişilərin zəka göstəriciləri, fəaliyyət qabiliyyətləri arasında cinsə görə uçurum fərqi yoxdur. Modernizmdə inkar ortalığa çıxdı, qadınlara söz verildi, feminist hərəkat "nəyə əsasən mən səndən çox işləyib az pul almalıyam" kimi suallarına projektor saldı qadınların... Qadın məsələsi təkcə qadınlar üçün deyil, əslində də ədalətli məsələ hesab olundu, D.Didro sübut etməyə qalxdı ki, qadın da kişi kimi insandır. Bir qədər sonra Stüart Mill onu müdafiə etdi. Fəlsəfə qadının müdafiəsi üçün hüquqla münaqişəyə qalxdı. Ancaq Modernizmdə qadın azadlığının təsbiti asan başa gəlmədi, çünki sənaye dövrü başlanmış, qadın fiziki əməyə cəlb olunmuş, bununla da fəhlə sinfindəki kişilər az maaşa işləməyə də razı olan qadında təhlükəli rəqib görürdülər. Belə bir deyim var: "Ağ amerikalı zəncini ayaqqabı təmizləyicisi vəziyyətinə qədər endirir və bundan nəticə çıxarır ki, o, yalnız ayaqqabı təmizləyə bilər". Bütün analoji vəziyyətlərdə belə qüsurlu bir dairə ortaya çıxır: əgər bir fərd və ya qrup aşağı vəziyyətdədirsə, deməli, o elə aşağılıqdır. Simona de Bovuarın "İkinci cins" əsərində oxuyuruq ki, "Ebdo-Laten" qəzetində bir tələbə bəyan edir: "Həkim və ya vəkil diplomu alan istənilən qız bizdən yerimizi oğurlayır... Uğursuz, kasıb və zavallı bir ağdərili insan əgər irqçidirsə, özünü ən yüksək həyatı yaşayan qaradərilidən üstün tutur, daha uğurlu ağlar bu təşəxxüsdən daha uğurla istifadə edirlər. Eləcə də kişi cinsinin istənilən nümayəndəsi qadın yanında özünü yarımallah hiss edir".

Günümüzdə bir çox kişilər tam səmimi deyirlər ki, qadınlar kişilərə bərabərdirlər və tələb etməyə heç nələri qalmayıb, eyni zamanda qadınlar heç vaxt kişilərə bərabər olmayacaqlar və tələbləri əbəsdir - düşünənlər də çoxdur. Məsələ burasındadır ki, kişiyə kənardan görünməz olan sosial diskriminasiyanın qiymətini vermək çətindir, ancaq onun qadın üçün mənəvi və intellektual fəsadları o qədər dərindir, elə görünə bilər ki, onun mənbəyi onun təbii xüsusiyyətlərindədir. Kişi qadına nə qədər simpatiya bəsləsə də, o heç vaxt qadının konkret situasiyasını təsəvvür edə bilmir.

Məsələyə kişi nəzərindən yanaşaq. Kişi sual verir: məgər hərəmxanadakı qadın özünü hər hansı seçicidən bədbəxt sayır? Məgər özünü işləyən qadınlardan daha xoşbəxt sayan ev sahibələri azdır? Göründüyü kimi, Qadın artıq Başqası olmaqla nəinki barışıb, hətta özünü belə xoşbəxt hiss edir. Bu zaman qadınların hüquq bərabərliyi uğrunda mübarizə də mənasızlaşır. Kişilərin daha bir nəzər nöqtəsi: Mişel Karruja "Cənub dəftərləri"nin 292-ci nömrəsində hiddətlə yazır: "İstəyirlər ki, qadınlar haqda mif olmasın, amma bir batalyon aşpaz qadın, böyük ailə anası, funksiyası fayda və həzz vermək olan yüngül əxlaqlı qızlar olsun!" Onun fikrincə, qadında "özü üçün varlıq" yoxdur. Azərbaycan əyalətinə proyeksiya etsək, doğrudan da belədir. Qadının qisməti ikinci dərəcəli işlərlə məşğul olmaqdır, o birinci cinsin qulluqçusuna çevrilir. Demək, əsrlər bundan əvvəlki vəziyyətinə qayıdıb burada qadın. O zaman Manu qanunları onu "aşağı varlıq" kimi müəyyən edirdi. Qədim yəhudi ruhanisi Levit onu ailə başçısının tabeliyindəki donuza bərabərləşdirirdi. Hüquq tarixinə baxsaq, Solon qanunvericiliyi qadına heç bir hüquq vermir. Roma kodeksi onu himayəyə verir və "axmaq" olduğunu yazır. Kilsə qaydaları onu "İblis darvazası" sayır. Manu qanunları: "Çay okeana axıb orada itdiyi kimi qanuni nikahın köməyilə qadın ərinin malik olduğu ləyaqəti əldə edir və onun ölümündən sonra səmavi cənnətə daxil olur". Əhdi-Ətiq və Əhdi-Cədiddə arvadın ərə tabeliyi prinsipi belə əsaslandırılır: "Axı kişi qadından törəməyib, qadın kişidən törəyib və kişi qadın üçün deyil, qadın kişi üçün yaradılıb". Xristian teoloqu F.Akvinalı bu ənənəyə sadiq qalaraq, qadının sadəcə "təsadüfi", başa çatmamış varlıq, baş tutmamış kişi olduğunu yazır, "kişi qadın üzərində yüksəlir, Məsih kişi üzərində yüksəldiyi kimi. Qadın dəyişməz olaraq kişi hakimiyyəti altında yaşamalıdır və özbaşına heç bir təsirə malik olmamalıdır". Ona nəinki kişi işlərini tutmaq olmaz, hətta qanunvericiliyə müraciət etmək qadağandır, onun şahidliyi qəbul edilmir. Russo burjua rəyini ifadə edərək bir qədər də kəskin deyir: "Qadın özünü ərinə və analığa həsr etməlidir. Qadın tərbiyəsi həmişə kişi maraqlarıyla uzlaşmalıdır. Qadın kişiyə güzəşt etmək üçün yaradılıb."

Bununla belə, Modernizm sayəsində XVIII əsr demokratiyası xristian Avropasında ilk dəfə qadına insan kimi baxdı, bu dövrün filosofları ona kişiylə bərabər varlıq kimi yanaşdılar. Didro hesab edir ki, onların məzlum vəziyyətini cəmiyyət yaradıb. "Qadınlar, sizə yazığım gəlir!" - o yazır. Didro qadını zəkasız elan etmiş ibtidai düşüncəni pisləyir. Monteskye: "Qadının təkcə ev sahibəsi olması zəka və təbiətə ziddir, imperiya idarə etməsi isə yox". Helvetsi yazır ki, qadının natamamlığı - onun yöndəmsiz tərbiyə olunmasının nəticəsidir. Bu fikri Dalamber də bölüşür. Bu dövrdə ilk dəfə qadın işçilərin kasıblığı kimi qadın əməyi haqda fundamental suala toxunulur. Kondorse qadınların siyasi həyatda iştirakını istəyir, hesab edir ki, kişilərlə bərabərdirlər və onlara qarşı klassik hücumu pisləyir: "Deyirdilər ki, qadınlar ədalət hissindən məhrumdurlar, vicdana yox, hisslərə tabedirlər. Lakin bu xüsusiyyət təbiətdən deyil, tərbiyə və ictimai həyatdandır." Başqa bir yerdə: "Qanunlar və ya cəmiyyət qadınları nə qədər çox qul etsə, onların hakimiyyət o qədər təhlükəli olur". Buna baxmayaraq, hətta XIX əsrdə kişilər qadınlarla cəmiyyətdə öz mövqelərini paylaşmaq istəməyərək, deyirlər: "Qadın uşaq üçün nədirsə, kişi qadın üçün odur" (Bonald), "Qadının işi və yeganə şərəfi - kişi ürəyini döyünməyə vadar etməkdir" - Balzak "Nikahın fiziologiyası"nda yazır.

1888-ci ildə bir ingilis ziyalısı yazırdı: "Qadınlar - nəinki cins deyil, sadəcə yarımnövdür, onlar yalnız çoxalmaq üçün yaradılıblar". A.Stendal isə deyirdi: "Qadın doğulmuş bütün dahilər cəmiyyətin xoşbəxtliyi üçün itirilmişlər". S.Kyerkeqor yazırdı: "Qadın olmaq elə qəribə, qarışıq və mürəkkəbdir ki, heç bir predikat bunu ifadə edə bilməz, əgər bütün işlətmək istədiyimiz predikatları işlətsək, o qədər ziddiyyətli olacaq ki, buna yalnız qadınlar dözə bilər."

Qadınların bədii əsər yazmasını qeyri-təbii qarşılayan, buna görə də qadınların kişi imzasıyla əsər yazdığı, "Kosmik fizikanın problemləri" adlı dissertasiyanı qadının yazmasını tənqid etmək məqsədilə yazılmış "Kosmetik fizikanın problemləri" kimi kinayəli məqalələrlə dolu tarixdə qadına münasibət səhifələrini vərəqlədikcə bütün bunlardan sonra indi bizim cəmiyyətdə məşhur olan Nitsşenin qadın haqda cümlələrilə rastlaşırıq. Sual olunur: Nitsşe kimi dahi filosof, xristian əxlaqının tənqidçisi də qadınları zəkasız hesab edirdimi? Deyil. Nitsşenin yanlış interpretasiya olunan fikirləri onun yaradıcılığı ilə tam deyil, yalnız ordan-burdan aforizmlər şəklində tanış olan kalka təfəkkürlü adamların təsəvvürüdür. "Kişi qadını yaratdı - nədən? Öz allahının, öz idealının qabırğasından." Nitsşenin dövründə qadın, demək olar, təmtəraqlı, uzun ətəkli paltarlar geyən, işə yaramaz kukla idi. Nitsşe sivilizasiyanın inkişafını qəbul edirdi. Üstəlik, o, "bu daxil, bütün ümumiləşdirmələr yanlışdır" fikrinin müəllifidir. Deməli, o qadınların dəyişilib inkişaf edəcəyinə dair pəncərə qoyub öz fəlsəfəsində və qadını mahiyyətinə görə deyil, real vəziyyətinə görə təsvir edib. Nitsşedə qadının zəkasız varlıq olması, olduğu vəziyyətə layiqliyi kimi bir fikir belə, yoxdur. Ənənəvi patriarxallıq isə Nitsşenin öz fəlsəfəsinin əsas tezislərindən olan "dəyərlərin yenidən dəyərləndirilməsi" tezisi ilə ciddi laxlamaya məruz qalıb. Nitsşenin yazı manerası və üslubu alleqorik-poetik fəlsəfə üslubundadır. O, alman xalqını "donuz" adlandırmışdı, necə ki, qadınları quşa, pişiyə, inəyə bənzədir. Nitsşeyə şair-filosof deyirlər, o, akademik filosof hesab olunmur, çünki əsərləri esse xarakterlidir, ciddi elmi təhqiqat məhsulu deyil. Elə isə mətbuatı başına alıb gedən - Nitsşenin anti-qadın fikirlərilə doldurulan psixotrop silahlar bu gün yalnız bir çayxana masasından digərinə qədər və yalnız fəlsəfəsiz şüurları vurmağa qadirdir.

Modernizmdə kişilərin - zəka, qadınlarınsa - duyğu daşıyıcısı, buna görə də zəka tələb olunan yerlərdə kişilərin işləyib, qadınlarınsa evdə oturub analıq etməsinə dair ənənəvi baxış sıradan çıxdı. Bəs yaşadığımız postmodern epoxa bu barədə nə deyir? Postmodernist olmaq bir sıra şərt və əlamətlərə malik olmaq deməkdir. Onların sırasında əsas yerləri fərqlicürlüyün təsbit olunması və azlıqların hüquqlarının geniş müdafiəsi tutur. Rasionalizmi kişiyə, duyğuluğu isə qadına bərabərləşdirən, qadını kişinin əksik forması olaraq dəyərləndirən bütün Qərb fəlsəfəsi ənənəsinə şiddətlə qarşı çıxan Modernizm əgər yalnız qadınların hüquqlarını bərpa etmək şüarları irəli sürürdüsə, Postmodernizm - "ontoloji dualizmin hər növünü rədd edən, həqiqi anlama və açıqlamanın azlıqların, bu sıradan qadının boğulan səsinə qulaq verməklə mümkün olacağını müdafiə edən fəlsəfədir." Postmodernizmdə xeyir, şər, yaxşı, pis, həqiqət, yalan kimi anlayışların mütləqliyi aradan qalxdığı kimi, qadın-kişi müxalifliyi də aradan qalxır, axı obyekt və subyektin bir-birinə qarşı qoyulması özgələşmə gətirir. "Subyekt" kateqoriyasına, xəttilik və binarlığa şübhə Postmodernizmdə cins anlayışının da kəskin silinməsinə gətirdi. Alışılmış kişi-qadın müxalifliyi bütün digər sərt müxalifliklər kimi aradan qaldırıldı. J.Bodriyar yazır: "Bu gün cins qədər etibarsız heç nə yoxdur... Qadınlıq kişiliyin yerini bir cins kimi tutub. O, struktur yerdəyişməsi kimi deyil, cins anlayışının müəyyən olduğu epoxanı yekunlaşdıraraq kişiliyi əvəz edir". Burada qadınlıq və kişilik sözləri metaforadır. Postmodernizm azlıqların qırmızı bayrağıdır. Beləcə, qadın haqlarını müdafiə edən məramnamələri hədis və miflərlə yaşayan müsəlman ölkələrinə zorla imzalatdılar.

1790-cı ildə Avropada "Kasıb Jakottanın qətnaməsi"ndən və sonra onlarla belə sənədlərdən Pekin Konvensiyasına, BMT məramnamələrinə qədər böyük və əziyyətli tarix keçib qadın-kişi müxalifliyini silməyə - Postmodernizmə təbii yolla nail olmuş Qərbin köləsi olmaq doğrudan da azadlıq əldə etməkdir.

Yuxarıdakıları yazmaqda məqsədimiz dünya tarixində qadın-kişi hüquq bərabərsizliyi kimi özünə kitablar həsr etmiş mövzunu bir qəzet səhifəsində təsvir etmək deyil, qadına münasibəti sərgiləyən sitatlar gətirməkdə məqsədimiz Azərbaycanda qadınlara təzyiq vasitəsi kimi işlədilən "niyə dünya tarixində qadın yazıçılar, filosoflar kişilər qədər çox deyil, onlardan qat-qat azdır?!" fikrinə qarşı ədalətli bir fikir çıxarmaqdır: "Necə olub ki, bu qədər təzyiqlərə, sıxma-boğmalara rəğmən qadın yazıçılar, filosoflar hər halda olub?!"

"525-ci qəzet"
xariciedebiyyat.azeriblog.com

Tags: diskriminasiya, fəlsəfə, gender, kişi, qadın

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!