Qoca antikvarçının dükanda Rafaelə dediklərindən
("Üzlük dəri" romanından bir parça)


"İnsan ömrünün böyük bir sirrini qısa söhbətlə sizə açıram. İnsanın instinktlə həyata keçirdiyi iki məşğuliyyət onu üzür və həyat işığını söndürür. Ölümə aparan bu iki səbəbin hər cür forması ikicə fellə ad tapır: "İstəmək" və "Bacarmaq". İnsan fəaliyyətinin bu iki adı arasında başqa bir ifadə də var və ağıllılar ondan istifadə edir. Mən də öz uzunömürlülüyümə görə ona borcluyam. "İstək" bizi yandırır, "bacarıq" məhv edir, lakin “bilik” bizim zəif vücudumuza daimi bir dinclik gətirir. Beləliklə, məndəki istək, yaxud arzu artıq ölüb, onu şüur öldürüb; hərəkət, yaxud bacarıq isə mənim əzalarımın təbii funksiyası ilə həll olunub.

Qısa desək, mən həyatımı parçalanan ürəyə, yaxud zəifləyən hisslərə deyil, heç vaxt köhnəlməyən və bütün əzalardan çox yaşayan beyinə tapşırmışam. Heç bir artıq hərəkətlə nə ürəyimə, nə də bədənimə əzab verməmişəm. Amma bütün dünyanı gəzib görmüşəm. Mənim ayaqlarım Asiya və Amerikanın ən uca dağlarında iz qoyub, dünya dillərinin çoxunu öyrənmişəm, bütün hakimiyyətlər altında yaşamışam. Atasının cəsədini girov götürməklə bir çinliyə borc vermişəm, bir ərəbin andına inanıb onun çadırında yatmışam, bütün Avropa ölkə paytaxtlarında müqavilələr imzalamışam, heç bir həyəcan keçirmədən qızıl kisəmi vəhşi hinduların komasında saxlamışam, bir sözlə, heç nəyə aludə olmadığıma görə hər istəyimə nail olmuşam. Yeganə arzum çox görmək olub. Çox görmək çox bilmək deyil yəni? Eh, cavan oğlan, bilik təbii bir həzz deyilmi? Hər işin kökünü öyrənib məğzini anlamaq deyilmi? Maddi sərvətdən adama nə qalır? Tək bir fikir. Bütün reallıqları şüuruna həkk edən, qəlbində xoşbəxtlik tumurcuqları gəzdirən və onları bəşəri çirkablardan uzaq tutub əsil xoşbəxtliyə çevirə bilən bir adamın həyatının nə qədər gözəl olduğunu təsəvvürə gətirin. Şüur bütün xəzinələrin açarıdır; O xəsisə də sevinc gətirir. Mən dünyanı dolandıqca ancaq mənəvi sərvət aramamışam. Dənizləri, xalqları, peşələri, dağları müşahidə eləməkdən həzz almışam! Hər şeyə səbrlə, özümü yormadan tamaşa etmişəm. Heç vaxt heç nəyi çox arzulamamışam, hər şeyin gəlişini gözləmişəm. Mən dünyanı gəzərkən öz evimin həyətində dolanırmış kimi gəzirdim. İnsanların qəm, məhəbbət, istək, uğursuzluq, qüssə adlandırdığı məfhumlar mənim üçün ancaq xəyala gətirilən fikirlərdir. Onları öz vücudumda hiss etmək əvəzinə üzə çıxarır, uzaqlaşdırıram, ömrümün yandırılmasına aman vemədən onlan kənarda yoxlayır, inkişaf etdirir, təsirsiz bir roman oxuyurmuş kimi onlarla əylənirəm. Heç vaxt öz əzalarımı yorub əldən salmamışam, ona görə də özümü sağlam və gumrah hiss edirəm. Qəlbimin enerjisinə vaxtında qənaət edə bildiyimə görə beynimin əmlakı dükanlarımın əmlakından dəyərlidir. O, əlini alnına vuraraq elavə etdi: Əsil milyonlar bax burada yığılıb. Keçmişimi yada salanda həzz alıram, müxtəlif ölkələr, şəhərlər, okean mənzərələri, gözəl sifətlər gəlir gözlərim qarşısına!

Hələ mənim xəyali bir hərəmxanam da var, ələ keçirə bilmədiyim gözəl qadınları ora yığmışam. Tez-tez sizin müharibə və inqilabları yada salır və onları mühakimə edirəm. Eh, heç bilmirəm dərinin rəng çalarına, yaxud bədənin formasına yüngül aludəlik nəyə gərəkdir?! Fəlakətlər gətirən yanlış arzulara sadiqlik nəyə gərəkdir?! Dünyanı özündə cəmləmək, nə azmana, nə də əhatəyə bağlı olmadan gəzib-dolanmaq ləzzəti, hər şeyi qavramaq, hər şeyi görmək ləzzəti, dünyanın sonuna çatıb başqa aləmləri öyrənmək, Tanrını dinləmək yaxşı deyilmi?! O üzlük dərini göstərərək səsini ucaltdı: "Bax, bu, bacarıqla istəyin birlik rəmzidir. Buradadır sizin ictimai fikirləriniz, sonsuz istəkləriniz, dözümsüzlükləriniz, ölüm gətirən sevincləriniz, ömür uzadan ağrılarınız — axı, bəlkə də ağrının özü də sərt bir ləzzət deməkdir. Ləzzətin ağrıya yaxud ağrının ləzzətə döndüyü anı kim dəqiq təyin edə bilər? İdeal aləmin ən güclü işıqları insan gözünü oxşadığı halda təbii aləmin ən mülayim qaranlığı gözü incitmirmi? Bilik sözü bilməkdən yaranmırmı? İstəyin, yaxud bacarığın artıqlığı nədən yaranır?".

Tərcümə: Hamlet Qoca
xariciedebiyyat.azeriblog.com

Share 

Şərh əlavə et

You need to be a member of Azerbaijan Community Online Network to add comments!

Join this social network

About

Admin Admin created this social network on Ning.

Reklam

Hava

Təqvim

© 2009   Created by Admin on Ning.   Create Your Own Social Network

Badges  |  Report an Issue  |  Privacy  |  Terms of Service

Sign in to chat!