Günlərin bir günü Haqq dostlarının birindən soruşurlar: “Sevgidən sözdə danışanlara onu həqiqi yaşayanlar arasında nə kimi fərq var?”.
Könlü eşqlə yanan bu Haqq dostu belə buyurur: “Gəlin gedək göstərim”.
Sualı verənlərlə birlikdə Haqq dostunun dərgahına gəlirlər.
Haqq dostu bir süfrə hazırladır, əvvəlcə bu süfrəyə sevgini dilindən əskik etməyən, amma dilindən könlünə endirə bilməyənləri dəvət edir. Çağırılanlar süfrə ətrafında əyləşirlər. Süfrəyə isti şorbalarla yanaşı, “dərviş qaşıqları” deyilən 1 metr uzunluğunda qaşıqları da gətirirlər.
Haqq dostu çağırılanlar yeməyə başlamazdan əvvəl onların qarşısında belə bir şərt quyur: “Bu qaşıqların ancaq uclarından tutaraq şorbaları içəcəksiniz, qaşıqları aşağıdan tutmaq olmaz”.
Çağırılanlar bu 1 metrlik dərviş qaşıqlarından tutub şorbalarının içməyə hazırlaşırlar. Ancaq bunu heç cür bacara bilmirlər: gah yeməyi üstlərinə, gah da yerə tökürlər. Görəndə ki, şorbaları içmək mümkün deyil, eləcə ac qalxıb süfrəni tərk edirlər.
Haqq dostu ikinci bir süfrə hazırlanır: yenə də isti şorbalar və 1 metrlik dərviş qaşıqları...Bu dəfə içəri üzləri aydın, gözləri sevgi ilə gülümsəyən işıqlı insanlar daxil olurlar. Süfrə ətrafında əyləşib şərtləri dinlədikdən sonra yeməyə başlayırlar.
Onlardan biri 1 metrlik qaşığın ucundan tutub qarşısında əyləşən qardaşını yedirir. O isə qaşıqla şorbadan götürüb digər qardaşını yedirməyə başlayır. Beləcə doyana qədər şorbalardan içib süfrədən qalxırlar. Bir damcı belə süfrəyə düşmür.
“Sevgini sözdə danışanlar onu həqiqi yaşayanlar arasında nə kimi fərq var” sualını verənlər olanları seyr edib cavablarını alırlar. Haqq dostu isə onlara belə buyurur: “Baxın kim ki, həyat süfrəsində ancaq özünü görər və ancaq özünü doyurmağı düşünərsə, o şəxs ac qalacağını da bilməlidir və kim ki qardaşını düşünər və onu doyurmağa çalışarsa, o da, şübhəsiz, qardaşı tərəfindən doyurulacaqdır.
Bunu da unutmayın ki, həyat bazarında alan deyil, verən qazanar.
"Füyuzat" jurnalından
Tags: haqq, qardaş, sevgi, sufi, şorba
Share
You need to be a member of Azerbaijan Community Online Network to add comments!
Join this social network