Bu gün cəmiyyətimiz Allahın ona bəxş etdiyi ən gözəl nemətlərdən biri olan islam dini nemətini tanımağa, yaşamağa, həyatlarında tədbiq etməyə başlamışdır. Təbii prosses olaraq yetmiş il bizi digər dəyərli varlığımızdan uzaq tutmağa çalışan, buna az da olsa nail olan yad düşmənlər, qeyri dinin mənsubları, xristianlar, yəhudlilər və sionistlər indiki kimi dinimizi yaşamağa imkan verməmişlər. Həqiqətən də buna şərait belə yaratmamışlar. Əksinə mövcud olan şəraitin qarşısını kəsmiş, Allahın ən səhih dini olan islamın yayılıb yaşanmasına mane olmuşlar. Bu gün Azərbaycan xalqı artıq bu bəlalardan təmizlənmiş, həqiqi din olan islam yenidən özümüzə qayıtmış, həyatımıza sirayət etmişdir. Bu nemətin bizim və bizdən sonra gələn nəsillərimizin həyatında xeyirli bərəkətli olmasını Allahdan istəyirik.
Allah təala Qurani Kərimdə buyurur ki: “- Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün! Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən. O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız) (Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən nicat tapmış şəxslərdir. (Allahdan tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir”.[1] İbn Abbas və digərləri bu ayənin təfsirində demişlər ki; “Əhli Sünnə və Camaatdan olan müsəlmanların üzləri ağarar, Əhli Bidət və digər firqələrin üzləri qaralar”. Allah təala bu barədə belə buyurmuşdur: “ - Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir. Üzü ağ olanlar isə Allahın mərhəməti içərisində olub orada (Cənnətdə) həmişəlik qalacaqlar!”.[2] Bu gün cəmiyyətimizdə özünü Əhli Sünnə və Camaatdan hesab edən, ancaq onlardan həm fikirləri, həm inancları, həm əqidələri, həm də niyyət və əməlləri ilə fərqlənən gənc nəsil yetişir. Bu gənc nəsil iddia edir ki, həm dünyəvi, həm də şəriət məsələlərində hal-hazırda olan dövlətə və dövləti idarə edən hakimiyyətə tabe olmaq doğru deyil. Səbəb kimi də bunu dəlil gətirirlər ki, hakimiyyətdə olan şəriətlə hökm vermir. Əslində bu məsələ tarix boyu müzakirə məsələsi olmuşdur. Bu məsələni ortaya atan və fikri yayanın niyyətini, məqsədini Allah bilir. Amma bunu deyən həmin gənclərin özlərini də nəinki hakimiyyətə gətirsən, adicə kiçik bir vəzifə versən belə heç də şəriətlə əməl etməzlər. Onlar sadəcə düşmən fikirlərə arxalanıb bilmədiklərini danışırlar. Onlar islama dəvət etmək əvəzinə şəxsiyyətlər üzərində dayanırlar. İslam şəxsiyyət üzərində dayanmamışdır. İslam peyğəmbəri 23 il insanları dəvət etmişdir. Amma heç vaxt dəvət etməmişdən əvvəl şəxsiyyətlər üzərində dayanıb onları təkfir etməmişdir (yəni dəvət etmədən heç kimə kafir deməmişdir). Ümumiyyətlə islam dinində belə bir şey mövcud deyil. Əvvəl dəvət etmək lazımdır. Cəmiyyəti islah etmək lazımdır. İzah etmək lazımdır. Hər tərəfli bilməyənə bilmədiyini öyrətmək lazımdır. Digər məsələlər sonra gəlir. Bu gənclər son sözü əvvəldə deyərək xətaya düşüblər. Bu firqə tarix boyu mövcud olub və Allahın istədyi qədər də mövcud olacaq. Amma onlar unutmasınlar ki, tarixdə onların yeri və sözü olmayıb. Tarixi dahilər yazıb. Həmçinin dahilər də deyiblər ki, tarix təkrardan ibarətdir. Bu gənclər hətta namaz qılanları belə təkfir edərək onlar haqqında cəfəngiyyat sözlər danışırlar. Bunlar barədə və bunların gələcəyi barədə Peyğəmbərimiz (Allahın salamı xeyir bərəkəti ona və ailəsinə olsun) xəbər verib. Məşhur hədis alimlərindən biri olan Tirmizi, Əbu Umamə əl-Bahilidən, o da Peyğəmbərimizdən (Allahın salamı xeyir bərəkəti ona və ailəsinə olsun) onun zamanında bu cür fikirdə olan gənclər haqqında soruşulmuş, o da belə demişdir ki: “Şühbəsiz onlar Cəhənnəmin itləridir”.[3] Sonra da Allahın bu ayəsini axudu: “- Bəzi üzlərin ağ, bəzi üzlərin isə qara olacağı gündə (qiyamət günündə), üzü qara olanlara: “İman gətirəndən sonra kafirmi oldunuz? İndi, kafir olduğunuza görə dadın əzabı!” – deyiləcəkdir”.[4]Təbiidir ki, camaatdan ayrılan, cümə namazlarını tərk edən, məscidlərə gəlməyən və hamını təkfir edən bu gənclər Peyğəmbərimizin dövrindən var idi və indi də var. Bunlar o vaxt da xəvaric adlanırdılar, indi də xəvaricdirlər. Çünki hakimiyyətə qarşı gəlir, camaatdan qaçır, məscidə gəlmir və s. Halbuki əvvəl belə deyildi. Əvvəl o da başqalarına ad verdiyi kimi idi. İndi bir iki kitab oxuyub başqalarını nahaq yerə iddiham edir. İmam Əhməd İbn Hənbəl belə demişdir: “Xaricilər haqqında olan hədislər on səbəbə görə səhihdir. Müslim onları öz Səhih kitabında xəbər vermişdir. Buxari bir qismini xəbər vermişdir. Peyğəmbərimiz (Allahın salamı xeyir bərəkəti ona və ailəsinə olsun) buyurmuşdur: “Onların namazları elədir ki, siz onların namazlarının yanında öz namazınızı, orucları yanında öz orucunuzu, onların Quran oxumaları qarşısında Quran oxumalarınızı bəyənməzsiniz. Quranı oxuyarlar, boğazlarından aşağı enməz, İslamdan oxun yaydan çıxdığı kimi çıxıblar”.[5] Başqa bir rəvayətdə də belə gəlmişdir: “İslam əhlini öldürərlər, büdpərəstlərə rəğbət edərlər”.[6]Məsələ burasındadır ki, indi də mövcud olan bu təhlükəli gənclər həqiqətən də ancaq müsəlmanları təkfir edirlər. Doğrudan da İblis onları öz əsgərləri ilə azdırıb. Siz fikir versəniz onların ancaq müsəlmanlardan danışdıqlarını görərsiniz. Onlar söhbət edəndə ədəblə danışmazlar. Üzlərində nur görməzsən. Daima məsələləri şişirdərlər. Onlar heç vaxt özlərinin təkfirçi və xəvaric olduqlarını boyunlarına almazlar. Onlardan da elesi var ki, öz fikir və əqidələrinə uyğun Quran ayələri və hədislər, həmçinin alimlərin sözlərindən sitat gətirərlər. Dini savadı olmayan insanları çox rahat aldada bilirlər. Bundan başqa qeyd etmək yerinə düşərdi ki, xaricilər (təkfirçilər) müsəlmanları günahları səbəbi ilə ilk dəfə təkfir edənlərdir. Bu gün də belədir. Hər hansısa bir müsəlmanın bir səhv etdiyini görəndə və ya kiçik bir günahını görəndə dərhal bir başa həmin müsəlmanı təkfir edirlər və onu dindən çıxarırlar. Yəni iddi edirlər ki, həmin müsəlman dindən çıxıb. Bu sətirləri oxuyanlar ola bilər ki, narazılıq eləsinlər. Ola bilər ki, bu yeniyetmə təkfirçilər mənim yazdıqlarıma gülsünlər və ya hirslənsinlər, hər bir halda onlar bunu bilirlər ki, heç özləri belə şəriətə lazımınca riayət etmirlər. Çünki onlar məsələləri doğru anlamayan bir qövmdür. Bu gün islam dünyasında baş verən fitnələrin, partlayışların törədiciləri xəvariclərdir. Bu məsələ çox geniş məsələdir. Çünki bu xəvariclərdən başqa ixvanlar, cihadçılar və s. qeyri reqal qruplaşmalar var. Bunlar haqqında kifayət qədər yazmaq lazımdır ki, gənc nəslimizin onların aldadıcı şüarlarına inanmasınlar. Allah onların şərrindən Azərbaycan xalqını qorusun. Amin!Bunların bütün hərəkətləri iyrəncdir. Əslində Hz Əli (r.a) bunlarla mübarizə aparmışdır. Onların bir çoxunu öldürmüşdür. Bu gün bunların çirkin əməllərindən biri də odur ki, onlar müsəlman camaatın qız-gəlininə cariyə gözü ilə baxırlar. Onlar bir müsəlmanı təkfir edir (ona kafir deyir), sonra isə onun qanının, canının, malının halal olduğunu deyir. Dinc şəraitdə yaşayan müsəlmanların məmləkətlərinə gedib onların qız-gəlinlərinə cariyə deyirlər və onlarla istədikləri kimi rəftar edirlər. Mən bunu müşahidə etmiş bir insan kimi, ilahiyyatçı kimi yazıram. Belələlərini az görmədim. Buların bundan başqa çox çirkin əməlləri var ki, yeri gəldikcə digər yazılarımda onu vurğulayacam. Qoy haqq üzə çıxsın, batil məhv olsun. Batil məhv olmağa məhkumdur. Allah təala müsəlman ümmətini onların fitnəsindən qorusun. Amin!Mən hələ bu firqənin mövcud olmasından və qısa olaraq xülasəsindən yazıram. Bundan sonra onların bütün fikirləri üzərində ayrı-ayrılıqda dayanacaq və Allahın izni ilə gətirdikləri batil fikirləri bəyan edəcək və haqqı ortaya qoyacam. Siz hələlik bunları tanıyın. Ümumiyyətlə islamda ilk çıxan bidət (xurafə) xaricilik və şiəlik olmuşdur. Belə baxanda şiəlik xaricilikdən daha yaxşıdır. Baxmayaraq ki, xaricilər özləri şiyələrə də müsəlman kimi baxmırlar. Onları kafir görürlər. Möminlərin əmiri Əli bin Əbu Talib zamanında həm xaricilik, həm də şiyəlik meydana gəlmişdir. Əli (ə) hər iki qrupa da cəza tədbiq etdi. Çünki hər iki qrup da dində sonraya ortaya çıxmış, batil fikir üzərində duran firqələr idi, hansı ki, bu gün bu firqələrin fikirləri bütün dünyada yayılıb. Xaricilər o vaxt Əliyə (r.a) qarşı çıxdıqda, onunla müharibə elan etdikdə Əli (ra) onları öldürdü. Şiyələrin isə “ğulat” adlanan həddini aşanlarını odda yandırdı. Bu xaricilik fikrini yayan Abdullah bin Səbəni öldürmək istədi, amma o qaçdı. Əli (r.a) eyni zamanda özünü Əbu Bəkr və Ömərdən üstün görənlərin döyülməsini əmr etdi. Çünki bəzi həddini aşmış şiyələr Əlini əvvəlki xəlifələrdən üstün görürdülər. Əli (r.a) belələrinə qarşı mübarizə apardı. Səhih mənbələrin xəbər verdiyi bir hədisdə Əli (r.a) belə demişdir: “Bu ümmətin, peyğəmbərlərindən sonra ən xeyirliləri Əbu Bəkr və Ömərdir”.[7]
Bizim mövzumuz əslində çox böyük həcmi olan kitablar yazılmasını istəyir. Allahın izni ilə mən əsasən bu gün yetişən gənc xəvariclərdən və onların fikirlərindən, gətirdikləri iddiaların batil olmasından bəhs edəcəm. Siz yazılarımı izləyin. Allah bütün müsəlmanlara kömək olsun. Amin!
Ədəbiyyat siyahısı:
1. Qurani Kərim, (Tərcümə Vasif Məmmədəliyev və Ziya Bünyadovundur), Baki-20052. Şeyhulislam Ahmed ibn Teymiyye, İbn Teymiyyə Külliyyatı, Ayrıntılarıya selef itikadı, Tevhid yayınları, 1988.
3. Buxari və Müslimin hədis kitabları
--------------------------------------------------------------------------------
[1] Ali-İmran (İmran ailəsi) surəsi, 102-106
[2] Ali-İmran (İmran ailəsi) surəsi, 106-107
[3] İbn Macə, Müqəddimə, 12; Əhməd ibn Hənbəl, 4/355
[4] Ali İmran, 106
[5] Buxari, Mənaqib, 25; Müslim, Zəkat, 147, 148; Tirmizi, Fitən, 24.
[6] Buxari, Ənbiya, 6.
[7] Buxari, Fəzailul-ashab, 6
Müəllif : Əkrəm Həsənov
© 2008 Bütün hüquqları qorunur və İlahiyyatçı Əkrəm Həsənova məxsusdur. Materiallardan istifadə etməyə Islam, Haqq Din saytına istinad etmək şərti ilə halallıq verilir - Dəstək: AzeriBlog.com
Tags: cavan, din, gənc, iman, islam, təkfir
Share
You need to be a member of Azerbaijan Community Online Network to add comments!
Join this social network